ArxivIslamXəbər lentiXəbərlər

Vəkil: “Şeyx Sərdarın işi üzrə istintaq yekunlaşıb”

Həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkili ilə bağlı açılmış cinayət işinin yekunlaşmasına dair açıqlama yayıb.

Vəkil Cavad Cavadov bildirib ki, ötən gün Masallı rayon Polis Şöbəsində Sərdar Babayevlə birlikdə materiallarla tanış olublar və iş artıq məhkəməyə göndərilir:

“Elan olunmuş ittiham eyni olaraq qalır: Cinayət Məcəlləsinin 168-1.1.3 maddəsi, xaricdə təhsil almış şəxs olaraq Masallı şəhər Məscidində cümə namazına rəhbərlik etmiş və cümə xütbəsi söyləmişdir (rəsmi ittiham belədir), halbuki, xütbə cümə namazının tərkib hissəsidir. Cinayət işinin materialları ilə tanış olarkən Masallı rayon İcra hakimiyyətinin Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsi Kamal Mazanov tərəfindən qərəzli xasiyyətnamə verildiyi məlum olmuşdur. Polis Şöbəsinə təqdim olunmuş xasiyyətnamədə Sərdar Babayevin qeyri-rəsmi olaraq dini mərasim və ayinlərə rəhbərlik etməsi (rəsmi rəhbərlik etmə necə olur görən?), həmçinin guya xütbə və moizələrində İran İslam Respublikasının siyasi və dini rejiminin təbliğ edilməsi göstərilir. Hacı Sərdar Babayevin bütün xütbələri və çıxışları internet resurslarında yerləşdirilib və özü qəti olaraq bildirdi ki, heç bir çıxışlarında belə ifadələrə yol verməyib. İstintaq orqanı onun çıxışlarını incələyib və hər hansı qanun pozuntusu aşkar etməyib. Həmin sənədə görə, Kamal Mazanov Hacı Sərdar Babayev tərəfindən məhkəməyə veriləcək”.

Sonda vəkil C. Cavadov qeyd edib: “Bir daha bildiririk ki, Cinayət Məcəlləsinin 168-1 maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına, Avropa İnsan Haqları Konvensiyasına və sağlam məntiqə tamamilə ziddir və dekriminalizasiya edilməlidir. Bununla bağlı, artıq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button