Vaxtı ilə pul müqabilində cırıq şalvar geyməyən adamlar, indi niyə buna pul xərcləyirlər?

Bəhruz Camal: “İndi cırıq şalvar geyinmək müasirlik sayılır. Amma müəyyən dövrdə həmin geyimlər bəlli bir regionun adət-ənənələrinə uyğun çərçivələnmişdi”
Bu gün qloballaşan dünyada baş verən proseslər, insan təfəkkürünün məhsuludur. Yeni texnologiyaların hazırlanması və tətbiqindən tutmuş, insanların həyat tərzi adlandırdıqları dəbə qədər hər şey insan zəkası hesabına ərsəyə gəlir. Vay o gündən ki, bu zəka dünyanı süni yollarla qloballaşdırmaq istəyən beynəlxalq güclərin və yaxud qrupların istifadə obyektinə çevrilsin. Məhz bu zaman insan zəkası cəmiyyət və bəşəriyyətin gələcəyi üçün təhlükəli olan mexanizmlər hazırlayır. Bu isə gec ya tez bəşəriyyətin sonuna gətirib çıxaracaq.
Bəs görəsən dəbin formalaşmasında insan psixologiyası faktoru həqiqətəndə rol oynayırmı? Ümumiyyətlə insanlar bəzi etik çərçivəyə sığmayan geyimləri niyə geyinirlər?
Mövzu ilahiyyatçı-psixoloq Bəhruz Camalla müzakirə edilib. İlahiyyatçı bildirib ki, insan psixologiyası ilə dəbin formalaşmasının birbaşa əlaqəsi mövcuddur: “Müəyyən təfəkkür tərzləri və ideoloji məktəblərin ötürdüyü mesajlar vasitəsi ilə, bu günün müasir dəbi formalaşır. 10 il bundan öncə heç kim cırıq-kəsik cins şalvarlar geyinmirdi. Geyinən insana isə yanaşma mənfi idi. Əslində bu mənfi yanaşmanın özü də, müəyyən normaların yaratdığı psixoloji təsirlərin nəticəsi idi. Amma bu gün həmin normalar başqa aspektdən tənzimlənir. İndi cırıq şalvar geyinmək müasirlik sayılır. Amma müəyyən dövrdə həmin geyimlər bəlli bir regionun adət-ənənələrinə uyğun çərçivələnmişdi. Yəni o dəyərlər ki, həmin regionun və kontingentin ənənəsinə müvafiq deyildi, o zaman qəbul olunmurdu. Amma bu gün hər şey tam fərqlidir”.
Psixoloqun sözlərinə görə, cəmiyyətdəki informasiya blokadası artıq götürülüb: “Həm sosial şəbəkələrdən, həm televiziya proqramlarından, həm də seriallardan , bir sözlə müxtəlif təsirlər səbəbindən bu blokada sınıb və təfəkkür tərzi yavaş-yavaş dəyişilməyə başlayıb”.
Bəhruz Camal bildirir ki, qloballaşma deyilən bir mexanizm mövcuddur: “Dünya bu gün qloballaşmaya doğru istiqamətlənib. Qloballaşma dünyanın vahid qütb və ideoloji mərkəzdən idarə olunmasıdır. Düşünürəm ki, gec-tez dünya qloballaşmaya doğru gedəcək və vahid mərkəzdən idarə olunacaq. Bu təbii bir prosesdir. Lakin bu prosesin özündə də, müəyyən çatışmazlıqlar mövcuddur. Biri var qloballaşma, biri də var süni şəkildə qloballaşdırma. Bu gün dünyada müəyyən siyasi güclər qloballaşmadan istifadə edərək, dünyanı əslində süni qloballaşdırmaya doğru aparırlar. Yəni özlərinin təqdim etdikləri modeli və idarəçilik sistemini bəşəriyyətə sırımağa çalışırlar. Əllərindəki imkanlardan istifadə edib dünyanı qloballaşdıraraq, öz istədikləri həyat tərzini və dəbi insanların şüuraltısına otuzdururlar. Normal düşünən az kütlə bunun fərqindədir. Yəni bu proseslərin qloballaşma yox, süni qloballaşdırma olduğunu dərk edirlər. Dəb adı ilə yanlış geyim tərzini seçən böyük kütlə isə bunun fərqində deyil. Biz çalışmalıyıq ki, insanlara dəbin təkcə geyim tərzindən ibarət olmadığını aşılayaq. Qərbin bu etapı çoxdan keçdiyini, indi onların yalnız mənəviyyat axtarışında olduqlarını öz cəmiyyətimizi aşılamaq vacibdir. Təəssüflər olsun ki, bizim kimi cəmiyyətlərdə mənəviyyat məsələlərinin tam dərk olunması üçün zaman tələb olunur”.