Xeyir işlərdə iştirak etmək

Hər yerdə irəliləyiş və tərəqqi görünürsə, deməli bir kollektiv ona istiqamət verir. İslam dini də kollektiv işlərə və xeyir işlərdə iştirak etməyə çox təkid edir, ilahi yardımı camaatla birlikdə edilən işlərdə görür.
Həzrət Zəhra (ə) atasının yolunu gedərək həmişə xeyir işlərdə iştirak etmiş və belə işlərdə öndə dayanmışdır.
Ayə
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin.”
(“Maidə” surəsi, ayə 2)
Hədis
İmam Əli (ə) buyurur: “Allahın bəndələrinə vacib etdiyi haqlardan biri də imkanları həddində xeyirxahlıq etmək və özləri arasında haqqın bərqərar olması üçün bir-birlərinə kömək etməkdir.”
(“Nəhcül-bəlağə”, xütbə 216)
Ənənə
Bir gün Əli (ə) və Fatimə (ə) çörək bişirirdilər. Onların alınlarından tər axırdı. Birdən evin qapısı döyüldü. Sonra Peyğəmbərin (s) səsi gəldi. Allahın rəsulu (s) qapının arxasında dayanıb ev əhlinə salam verirdi.
Həzrət Zəhra (ə) dərhal yerindən qalxaraq atasının üzünə qapını açmaq üçün getdi. Atası, ya həyat yoldaşı qapını döydükdə həmişə qapını özü açardı.
Peyğəmbər (s) uzaqdan onların işini gördükdə buyurdu: – Sizin hansınız daha çox yorulub?
Onlar hər biri özünü deyil, o birisinin daha çox yorulduğunu dedi ki, o, daha çox istirahət etsin.
(“Zəhra (ə), Məhəmmədin (s) ətirli gülü”, tərcümə edən: Məhəmməd Mehdi Damağani)
Hekayə
Hər dəfə şəhərimizə qayıdanda anamın cehiz yığımasını görürdüm. Onu tanımayan olsaydı, elə bilərdi ki, bu xanımın ailə qurmalı neçə qızı var! Halbuki, təkcə bir qızı var idi.
Ona-buna üz tutur, pul toplayır, maddi imkanları az olan ailələrdə ailə qurmaq istəyən qızlara cehiz alırdı ki, onu tez bəxt evinə göndərsin. Sonradan bir qrup da onunla əməkdaşlıq etdi və bu iş məhəlləmizdə gözəl ənənəyə çevrildi.
Anama qibtə edirəm. Özlüyümdə düşünürəm ki, anamın camaata göstərdiyi köməyin savabı, bəlkə də hər şeyi buraxaraq yalnız elm öyrənməklə məşğul olan biz din tələbələrinin savabından çox olar.