Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.
25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:
“Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla, iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir”.
***
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Görülən operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.
***
Hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
***
Dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.
***
Dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.