Xudat sakini: Vəzifəli kasıbı əzməlidir, onun başına istədiyi oyunu açmalıdır?

-
”İnanıram ki, Mehriban xanım məktubumu oxusa, heç olmasa, bu işin ədalətli araşdırılmasına göstəriş verər”
“Məni yandıran odur ki, körpəlikdən yetim saxlayıb zülmlə böyütdüyüm, öz gözümdən belə qoruduğum oğlum iki ilə yaxındır heç bir günahı olmadığı halda, həbsdədir. Vəzifədə olanda nə olar, onlar da anlamalıdılar ki, günahsız adamı həbsdə saxlatdırmağı nə Allah götürər, nə də insanlığa sığar”, – Xudat sakini Gülşən Səmədova oğlu Əlisultan Yüzbəyov haqqında danışır.
“Bizim tərəflərdə kanalizasiya yoxdur, ayaqyolunu xüsusi maşınla təmizlətdiririk”
Əlisultana 10 il 6 ay həbs cəzası verilib. O, Respublika Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinin rəhbəri Niyaz Məmişov və onun qardaşı Tərlan Məmişova sui-qəsddə, onları övladları, nəvələri ilə hədələyib pul tələb etməkdə ittiham olunur. Əmisi oğlu Emil Yüzbəyov və onun tanışı Zaur Hüseynovla birlikdə mühakimə olunan Əlisultan isə deyir ki, bu adamları nəinki hədələməyib, onları heç tanımır, kim olduqlarını da bilmir.
İddiaya görə, təqsirləndirilən Zaur Hüseynov Rusiya ərazisinə keçərək, “Şirvanovka” nəzarət-buraxılış məntəqəsindən İMEİ kod göstəriciləri dəyişdirilmiş telefonla, Dağıstan vətəndaşının adına olan bir nömrədən Niyaz Məmişova “Whatsapp”la mesaj yazıb, ondan əvvəlcə 200 min, daha sonra 1 milyon dollar pul istəyib. İstifadə edilən telefon Əlisultan Yüzbəyovun həyat yoldaşına məxsus olub.
Gülşən Səmədova deyir ki, sözügedən telefon xeyli vaxtdır onların evində idi, Rusiyada yaşayan böyük qaynının oğlu vermişdi. O biri qaynı oğlu Emil isə onlarla qonşudur, eyni həyətdə qalırlar: “Hər gün bir-birimizin evinə gedib-gələn adamlarıq. Bir gün Emil deyib ki, o, nə telefondur? Əlisultan da deyib ki, işləmir, xarabdır. Emil telefon, kompüter ustasıdır. Deyib, istəyirsən, 10 manat verim, sat mənə, düzəldim. Əlisultan da deyib ki, pul lazım deyil, 10 manat da özün qoyarsan, həyətdəki ayaqyolunu təmizlətdirərik. Xudatda bizim tərəflərdə kanalizasiya yoxdur, ayaqyolunu xüsusi maşınlarla təmizlətdiririk”.
G.Səmədovanın sözlərinə görə, bir neçə gün sonra Emil gətirib telefonu qaytarıb ki, işləmədi.
Cinayət işinin materiallarından aydın olur ki, evlərin təmir-tikintisi ilə məşğul olan Zaur Hüseynov Emilin tanışı olub. Emil Yüzbəyov əmisi oğlundan aldığı telefonu da ona verib.
“Pulumu vermirdi, ona görə elədim”
Z.Hüseynov məhkəmədə də deyib ki, Əlisultanı tanımır, onunla heç bir əlaqəsi də olmayıb. O, Niyaz Məmişova mesaj yazıb pul istəməsini təsdiqləyir. Lakin bildirir ki, məsələ ittihamda yazıldığı kimi deyil. Məqsəd Məmişovların pulunu ələ keçirmək yox, Niyaz Məmişovun ona borclu olduğu pulu almaq olub. Dediyinə görə, Baş Prokurorluğun şöbə rəisi üçün Xaçmazda ev tikintisinə rəhbərlik edib, iş icraçısı olub. Uzun müddətdir onunla işlədiyini deyən Z.Hüseynov bildirir ki, N.Məmişov prokurorluq rəhbərliyinin yaxın qohumları üçün də ona ev tikdirib. Sonuncu işin başa çatmasına az qalmış N.Məmişov onlara pul verməkdən imtina edib, təxminən 40 minlik borc yaranıb. Z.Hüseynov bildirir ki, o da istifadə etdiyi tikinti materiallarını nisyə aldığından həmin adamlara borclu qalıb. Adamlar borclarını istəyəndə isə çıxılmaz vəziyyətə düşüb. Niyaz Məmişov da pulu ödəmək istəməyib. O da çətin vəziyyətə salan N.Məmişovdan qisas almaq qərarına gəlib və ona mesaj yazaraq, hədələyib, pul tələb edib.
Emil də deyir ki, Məmişovların hədələnməsinə aidiyyəti yoxdur. Əmisi oğlundan aldığı telefonu Zaura verdiyini təsdiqləyir. Bildirir ki, ancaq Əlisultanın o telefonun kimə verilməsindən, hara aparılmasından qətiyyən xəbəri olmayıb.

Baş Prokurorluğun cavab məktubu
Mənbə: meydan.tv