
Cavanşir Paşazadəyə məxsus “Bağı-Nur” MMC-nin paytaxt və rayonlardakı məscidlərdə mərasim zalları fəaliyyətə başlayıb; yeni zalların menyusunda səbzi qovurmadan tutmuş balıq ləvəngisinə qədər müxtəlif təamlar var
Qafqaz Müsəlmanları İdarəsi yas çadırlarının ləğvi ilə bağlı təklif irəli sürüb. Mediada yayılan məlumatalara görə, yas çadırlarının yığışdırılması məsələsinin mollaların məclislərdə çox oturması, çadırların küçələrdə qurularaq gediş-gəlişə mane olması, bu çadırların qurulmasına xərclənən vəsaitin yas sahibinin cibinə zərər vurması və s. kimi bir çox səbəblərlə əsaslandırılıb.
ANS-in məlumatına görə, əsas səbəbi isə çadırların radikal dini cərəyanların nümayəndələrinin toplanması üçün əlverişli məkana çevrilməsidir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Hacı Salman Musayev bildirib ki, bəzi çadırlar var ki, onlardan radikal yönümlülər istifadə edir: “Müəyyən saatdan sonra yas mərasimini bitirmək lazımdır. Sonra hərə öz işinə gücünə getməlidir, bu Quranda da buyrulub”.
Təkliflərdə yas mərasimlərinin məscidlərdə, yaşayış evlərinin yaxınlığında xeyir-şər üçün nəzərdə tutulmuş yerlərdə keçirilməsi göstərilib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini deyib ki, bu məkanlarda mərasimin hansı din xadimi tərəfindən aparıldığına və onun dini söhbətlərinə nəzarət etmək mümkündür.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev isə bildirib ki, molla orada nədən danışır, kimi hansı cərəyana cəlb edirlər, bunlar çox vacibdir: “Elə çadırlarda nəzarət mümkün deyil. Kim istəsə, gəlib girir, orda istədiyini edə bilir”.
Qafqaz Müsəlmanları İdarəsi təklifində bildirib ki, əgər yas mərasiminin keçirilməsi üçün yaxınlıqda məscid və ya xeyir-şər evi yoxdursa, bu zaman çadır kimsəyə mane olmamaq şərtilə neytral ərazilərdə qısa zaman ərzində qurula bilər.
“Bağı-Nur” MMC-nin monopoliyası
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, mərasim çadırlarının ləğv edilməsi təklifi “Təzə Pir” məscidindən fəaliyyət göstərən “Bağı-Nur” MMC tərəfində irəli sürülüb. Sözügedən şirkət şeyxin deputat qardaşı Cavanşir Paşazadəyə məxsusdur. Şirkətin direktoru isə Azər İsmayılovdur. “Bağı-Nur” MMC-nin Bakıda və rayonlarda yeləşən məscidlərdə yeni mərasim zalları fəaliyyət başlayıb. “Bağı-Nur” MMC-nin təkcə “Təzə Pir” məscidindən 5 böyük mərasim zalı yeləşir.
Mərasim zallarının qiyməti isə stulun sayına görə dəyişir. Standart menyu ilə təqdim olunan 100 nəfərlik mərasim zalı 1300-1500 manat arası dəyişir. Ehsan süfrəsində isə müştərinin istəyinə görə səbzi qovurmadan tutmuş balıq ləvəngisinə kimi təqdim olunur.
“Bağı-Nur” MMC müştərilərə təkcə mərasim zallarını təklif etmir. Eyni zamanda mərhumun məsciddə yuyulması, onun xüsusi maşınla qəbiristanlığa aparılması, yas mərasiminin molla ilə təmin olunması kimi xidmətləri öz boynuna götürən şirkətin tarifləri aşağıdakı kimidir:
Molla – 250-300 manat
Cənazə maşını – 50-250 manat (VİP-500 manat)
Çələng yığılması – 30-50 manat.
Qeyd edək ki, yas mərasimi zallarındakı bu qiymət qadağan olunan yas çadır servislərin təkliflərindən heç də ucuz deyil. Məsələn, həmin servislər çadırları VİP və sadə olmaqla 2 növdə təqdim edir. Əgər siz mərhumun yas mərasimini VİP çadırda keçirmək istəyirsinizsə, 1 günlük çadırın qurulması 100 nəfərə görə 450 manata başa gələcək. Tualetləri olan çadırlar isə 750-900 manat arası dəyişir. Çadırda kondisioner varsa buna görə əlavə 60 manat pul ödənilməldir. Ehsan süfrəsi isə müştəri tərəfindən təkif olunur. Qısacası bir günlük yas çadırı üçün müştəri 1000-1500 manat arasında pul xərcləyir.
Mütəxəssislərin fikrincə isə yas məclislərində israfçılığa yol verilir. Belə olan halda isə İslam dinində ehsan haqqında olan hədislərinə əməl olunmur. Qeyd edək ki, dinimizdə dünyadan köçmüş insan barədə göstərişlər yalnız insanın kəfənlənib dəfn olunması ilə məhdudlaşır. Yəni dünyadan keçən insanı yuyub, kəfənləyib dəfn etmək lazımdır. Ondan sonra isə mərhumun ailəsinin boynunda heç bir vacib əməl yoxdur. Azərbaycan kimi bir çox müsəlman ölkəsində isə,mərhumun 3, 7, 40 və il mərasimi keçirilir.