ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Yumurtadan yun qırxırlar

Artıq Qərb dövlətlərini Bakı-Maştağa yoluna döndərmiş məmurlarımız onun yumurtadan yun qırxmaq təcrübəsini diqqətlə öyrənirlər
Allahdan gizli deyil, bəndədən niyə gizli qalsın? Külli-əhli-Azərbaycan bilir ki, milli məmurlarımızın sevimli məşğələsi ciblərini doldurmaqdır.
Azərbaycanda pul haradan gələ bilər? Birinci yerdə neftdir, qazdır. Bu mənbənin sahibi kimdir, hamıya bəllidir. İcazəsiz ora əl uzadanın gözünü tökərlər. İkunci mənbə büdcədir. Bu mənbəyə əli çatanlar bölünür dərəcələrə: nazirlər, müavinləri, şöbə müdirləri, icra hakimiyyəti başçıları və ilaxır. Üçüncü mənbə biznes adlanır və bu mənbədən nuş etmək üçün gərək hakimiyyətin lütfkarlığından istifadə etməyi bacarasan. Bu lütfü qazanmağın yolunu yenə külli-əhli-Azərbaycan çox gözəl bilir, bilir və danışmır, danışanın yeri içəridir.

Dördüncü mənbə vətəndaşın cibidir. Bu mənbəyə istənilən insanın əli çata bilər, bir şərtlə: gərək zirək olasan və sənin cismində-ruhunda vicdan deyilən əyləc olmasın. Bu əyləc olmasa kimsə hiylə ilə, kimsə zor ilə (paqonu və silahı varsa), kimsə xoş ilə vətəndaşın cibini soya bilər. Bütün dünyada vətəndaşlar, ələlxüsus Azərbaycan vətəndaşları, soyulmaq üçün yaradılıblar və bu əməliyyata müxtəlif dərəcədə amadədirlər.
Birdən elə bilərsiz bu dördüncü mənbənin istismarında dünyada ayrı-seçkilik var, elə deyil. Amerikada amerikanları, Avropada avropalıları, Rusiyada rusları, Ermənistanda erməniləri, Braziliyada braziliyalıları, bizdə bizi eyni üsullarla soyurlar. Bəzən aşkar soyurlar, bəzən isə incə üsullarla, məsələn, yumurtadan yun qırxmaqla soyurlar.
Misal? Buyurun. Bütün dünyada infrastruktur layihələri böyük pul tələb etdiyindən və xərcini uzun müddətə çıxardığından büdcə hesabına həyata keçirilir. Azərbaycanın milli xüsusiyyətlərini nəzərə aldığımızdan deyə bilərik ki, bizdə infrastruktur layihələri ikiqat deyil, üçqat baha başa gəlir.
Bir qata daxildir bizdəki layihələrin dəyərinin milli özəlliklər ucbatından dünya qiymətləri ilə müqayisədə ikiqat baha olması. İkinci qata daxildir hakimiyyətin sevimlisi təyin edilmiş iş icraçısının layihəyə ayrılmış pulun tikinti zamanı şir payını oğurlaması və sonra aradan çıxıb doğma rayonunda fermerliyə qurşanması, oğluna Londonda 25 milyon funt dəyərində mülk alması və ingilis banklarından birində onun hesabına 100 milyon funt civarında pul qoyması.
Bu qatın qaçılmaz aqibəti odur ki, tikilmiş yol üç ildən sonra başlayır dağılıb-uçulmağa və camaatın ahu-naləsini eşitməmək üçün hakimiyyət Neft Fondundan dübarə yol çəkilişinə bir daha sərmayə ayırır. Növbəti sevimli iş icraçısı, oğlunun Londondakı mülkünü və bank hesabını göz önünə gətirərək girişir layihənin icrasına.
Təbii ki, bu minvalla çəkilmiş yol üç ildən, uzağı, beş ildən sonra başlayır uçulub-dağılmağa. Və xalqımızın müzəffər Ali Baş Komandanı və əbədi prezidenti məcbur olur yalnız onun şəxsi sərəncamında olan gələcək nəsillərin Neft Fondundan sebarə (bu sözü dübarə formasından istifadə edib özüm icad etmişəm- yek, dü, se) o qədər pul ayırsın ki, həm növbəti sevimli iş icraçısının oğlunun Londondakı mülkünə və bank hesabını doldurmağa, həm də bir az abırlı keyfiyyətdə yol çəkməyə çatsın. Nəticədə milli meyarlarımıza görə nisbətən keyfiyyətli yol çəkilir və vətəndaşlar başlayır bu yolla maşınlarını sürməyə.
Havayı? Belə vəziyyət dözülməzdir. Məmurlar və zirək insanlar fəaliyyətə başlayırlar, o saat mütərəqqi Qərbin ən alçaq təcrübəsi yada düşür və təbliğ olunur, bir dənə təklif hazırlanır ki, bəs, bu yol keyfiyyətli olduğuna görə gərək pullu olsun. Vətəndaş keyfiyyətli yoldan istifadə etdiyinə görə zəhmət çəkib əlavə pul ödəsin. İstəməsə əlavə pul ödəməyə, zəhmət çəkib köhnə dağılmış yoldan istifadə etsin. Biz vətəndaşı alternativsiz qoymuruq, əlavə pul ödəmək istəmirsə, həmin köhnə yolda maşınını saatda 30 kilometr sürətlə sürə bilər. Vətəndaşın “axı bu yeni yol elə xalqın puluna xalq üçün çəkiılib” etirazına məhəl qoyan tapılmır, mütərəqqi Qərbin yumurtadan yun qırxmaq, vətəndaşın cibinə iki dəfə yox, üç və ya dörd dəfə girmək fəndini elə-hey mütərəqqi Qərbin dalınca son yüz il başıaçıq tumançaq qaçan Azərbaycanda tətbiq edirlər.
Əlahəzrət imperatorun yaxın bir dostu gəlib ona deyir ki, bəs, Vasya, biabır olarıq, camaat bizi tualet vergisinə görə “nəcisdən vergi yığan” adlandırar.