Yer üzündə həyatın başlamasından etibarən, insanların səadət məsələsi də gündəmə gəldi…
Yer üzündə həyatın başlamasından etibarən, insanların səadət məsələsi də gündəmə gəldi. Bəşəriyyət üçün “səadət”-i hədəf olaraq təyin edən Allah, bu hədəfin reallaşması üçün lazım olan həyat proqramını da ona təqdim etməli idi. Səadətə çatmaq istəyən necə yaşamalı idi? Nələri hökmən etməli və nələrdən mütləq çəkinməli idi? Bu proqramı yalnız O tənzim edə bilərdi, çünki insandan, səadətindən və ona aparan yoldan yetərincə xəbərdar olan məhz O idi.
Cəmiyyət üzvlərinin ali təhsilə sahib olmasını istəyən nazirliyi təsəvvür edək. Nazirlik cəmiyyətin bu hədəfə çata bilməsi üçün ilk olaraq baxça proqramını təklif edir və bununla da düşüncə və şəxsiyyət baxımdan hələ formalaşmayan cəmiyyət üzvlərini ali təhsil almaları üçün lazım olan proqrama yaxınlaşdırmağa çalışır. Nazirlik bu proqramı bitirənlər üçün 11 illik orta təhsil proqramı nəzərə alır və bu 11 ili də 3 hissəyə bölür: İbtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil. Bütün bu mərhələləri uğurla geridə qoyan şəxs, ali təhsili ilə nəticələnəcək proqrama daxil olmağa layiq görülür.
Bəşəriyyət üçün ali hədəf olaraq səadət, kamal və özünə yaxlnlığı təyin edən Allah da, bu hədəflə nəticələnəcək son və həqiqi proqramı insanlara təqdim etmək üçün eynilə bu üslubdan istifadə etdi və bəşəriyyət üçün müxtəlif mərhələlər təyin etdi.
Birinci mərhələ Adəm (ə)-dan Nuh (ə)-dək olan peyğəmbərlərin öhdəsinə qoyuldu. Onların vəzifəsi, bəşəriyyəti ilk şəriət sahibi (ulul-əzm) olan peyğəmbərin zamanına və qaydalarına hazırlamaq idi.
Bəşəriyyətin səadətə çatması üçün ehtiyac duyulan son və ali proqramın tamamlanması üçün lazım olan ilk mərhələ sona çatdı və öncəki peyğəmbərlər vəzifəni Nuh (ə)-a təhvil verdilər. Artıq ikinci mərhələ başlamalı idi. Bəşəriyyət şəxsiyyət, mənəviyyat, mədəniyyət, düşüncə və digər sahələrə daha çox böyüməli və Allah buna uyğun olaraq həyat proqramını təkmilləşdirməli idi.
Nuh (ə)-dan İbrahim (ə)-dək olan peyğəmbərlər ikinci mərhələni geridə qoydular və bəşəriyyət, yeni şəriətin qəbulu üçün hazır duruma gətirildi. Elə bu səbəbdən İbrahim (ə) yeni şəriət gətirərək, insanların o günədək sahib olduqları həyat proqramını növbəti dəfə təkmilləşdirdi. Lakin bu hələ son deyildi.
Bəşəriyyət növbəti peyğəmbərlər tərəfindən Musanın (ə), daha sonra isə İsanın (ə) şəritəini qəbul etmə həddinə gəlib çatdılar. Həmin cəmiyyət artıq Adəmin (ə) dövründəkindən çox fərqli idi və həqiqi və son həyat proqramına çox yaxınlaşmışdı.
Hər bir peyğəmbər kimi, İsa (ə) da növbəti peyğəmbər barədə xəbər verir və “Əhməd” adında birinin, Allah tərəfindən son peyğəmbər olacağını vurğulayırdı. Bunu tək İsa (ə) deyil, əksər peyğəmbərlər öz tayfalarına bildirmişlər, çünki bəşəriyyətin hədəfə çatması üçün lazım olan əsas və son proqram məhz Onun tərəfindən təqdim olunacaqdı.
Nəhayət bəşəriyyət, sonuncu və ən kamil dini, yəni səadətə çatmaq üçün lazım olan həyat proqramını təhvil alma həddinə çatdı. Əslində peyğəmbərlərin işlərinə fərdi formada diqqət etdiyimizdə, çoxunun hədəfinə çatmadıqlarını görürük. Lakin onların işinə kollektiv olaraq baxdığımız zaman bəşəriyyəti, hansı vəziyyətdən xilas edib, hansı uca məqamlara çatdırdıqlarının şahidi oluruq. Onların hərəsi bəşəri bir həddə önə çəkərək islama, yəni son və həqiqi həyat proqramına hazırladı.
Nəhayət, bəşər islamı qəbul edəcək həddə çatdı və Muhəmməd (s) bunu bəşəriyyətə təqdim etdi. Sonuncu din də öz növbəsində, Qədr-xum günü tamamlandı və bəşəriyyətin hədəfə, yəni səadətə çatması üçün lazım olan həyat proqramı təkmilləşdi (Maidə 3).
İslam fərdlərin, ailələrin, kütlələrin, hətta bəşəriyyətin səadətə çatması üçün Allah tərəfindən göndərilmiş son və ən kamil həyat proqramıdır; “Həqiqətən, Allah yanında (haqq olan) din islamdır” (Ali İmran 19). Əslində, bütün peyğəmbərlərin təbliğ etdiyi din islam olmuşdur.
Hər bir qanun və proqramın kənarında ona nəzarət edəcək və proqramın təyin olunmasında güdülən hədəflərin reallaşmasına yardımçı olacaq şəxsə ehtiyac duyduğumuz kimi, bəşəriyyətin səadəti üçün tənzimlənən həyat proqramının düzgün formada icrası və hədəfin reallaşmasına nəzarət edəcək şəxsin olması da qaçılmazdır. Peyğəmbərlərin zamanında bu məsuliyyət onların öhdəsində düşürdüsə, peyğəmbərlik missiası bitdikdən sonra bu vəzifə məsum imamlara ötürüldü.
Lakin hədəfin reallaşması üçün bu da kifayət etmir. Proqram və nəzatçidən əlavə, bu proqramı qəbul edəcək və nəzarətçiyə bu yolda dəstək olacaq şəxslərin də olması zəruridir. Təəssüf olsun ki, məsum imamların (s) dövründə qeyd olunan üçüncü şərt reallaşmadı və müsəlmanlar, onları səadətə, İlahi razılığa çatdıracaq rəhbərlərini tək qoydular.
İş o yerə gəlib çatdı ki, bu hədəfin reallaşması üçün təyin olunan sonuncu rəhbər qeybə çəkilməli oldu və biz, tarixin məhz bu dövründə dünyaya gəlmiş və bizi səadətə çatdıracaq şəxsiyyətin qeyb dövründə yaşayırıq.
Adətən soruşulur: Qeybət dövründəki vəzifəmiz nədir?
Bu suala müxtəlif cavablar veriblər, lakin gəlin bütün bu dediklərimizi nəzərə alıb, birlikdə cavab verməyə çalışaq. Çünki bəlkə də Onun (ə) zühurunun təxirə düşməsi məhz həmin cavabların yanlış ya da qeyri dəqiq olmasındadır. Yəni vəzifələrimiz düzgün təyin olmadı deyə, işlər düzgün görülmədi və O (ə) hələ də qeybdədir. Xacə Nəsiruddin Tusi demişkən: “Qeybdə olması bizdəndir (bizə görədir)”.
Məlum olduğu kimi, Ona (ə) qarşı ilk və ən mühüm vəzifəmiz zühuru tezləşdirmək və qeyb maneəsini aradan aparmaqdır. Beləliklə sualımız dəyişirək, dəqiqləşir: Onun zühuruna mane olan səbəb nədir və biz onu necə aradan apara bilərik?
Bu sualın cavabını vermək üçün ilk işimiz, o Həzrətin (ə) qeybə çəkildiyi zamana geri qayıtmaqdır. İmamın (ə) qeybə çəkilmə səbəblərini tapa bilsək, zühuruna maneə törədən amilləri də tapmış olarıq.
Tarixə əsasən, o Həzrətin qeybə çəkilmə səbəblərindən biri Onu müdafiə edən kadrların olmaması idi. Yəni İmam (ə) fəaliyyətlərinə açıq surətdə davam etsəydi, Onu da uşaq və ya gənc yaşlarında şəhadətə çatdıra bilərdilər, bir halda ki, yer üzündə əldaləti bərqərar edəcək və yaradılışın hədəfi, yəni insanları səadətə çatdıracaq sonuncu höccət O idi. Beləliklə, müdafiə edənlərin olmaması və ya azlığı, o Həzrətin qeybə çəkilməsinə ilk səbəb idi.
Zühurun ikinci maneəsini tapmaq üçün isə o Həzrətin (ə) hədəf və missiasına diqqət yetirməliyik. O Həzrət (ə) yer üzündə ədaləti bərqərar etmək, islam hakimiyyətini qurmaq niyyətindədir, lakin bütün bunları möcüzə və ya qeyri təbii yolla deyil, təbiətə hakim olan qanunlar əsasında görmək niyyətindədir. Belə olan halda İmamın (ə) zühuru üçün ehtiyac duyulan ikinci növ kadrlar, Ona bu işində yardım edəcək kadrlardır. Bu kadrlar sözün əsl mənasında mütəxəssis olmalı və nöqsanlardan uzaq olmalıdırlar.
Bu barədə diqqət olunası məqam budur ki, mütəxəssis deyəndə yalnız universitet və ya dini hövzə tələbəsi nəzərdə tutulmur. Ədalətli cəmiyyətin bərpa olunması üçün islam deyən şərtləri özündə cəmləyən qəssaba, zərgərə, çobana, süpürgəçiyə və digər peşə sahiblərinə də ehtiyac var. Odur ki, sən, bəli sən! Vəzifəndən və işindən asılı olmayaraq, İmamın (ə) qurmaq istədiyi ədalətli cəmiyyətdə böyük rol oynaya bilərsən. Çünki cəmiyyət insanın bədəninə bənzəyir. Cəmiyyətin hər hansı bir hissəsində problem olarsa bu, digər hissələrə də təsirini qoyacaqdır. Onun, islam dəyərlərinə sadiq olan müxtəlif peşə sahiblərinə ehtiyacı olacaq. Odur ki, peşəndən asılı olmayaraq özünü yetişdir! Ayətullah Xamenei demişkən: “Kadrdan məqsədimiz hədəfini bilən, hədəfə aparan yolları tanıyan, düzgün qərar verib, düzgün icra edən şəxslərdir”. Təqlid mərcəsi olsaq, amma bu özəlliklərə sahib olmasaq, deməli kadr deyilik! Çobanlıq edən şəxs bu özəlliklərə sahib olarsa, kadr hesab olunur.
Xülasə, biz Onun (ə) intizarındayıqsa, O da bizim intizarımızdadır. O, bu iki növ kadrın hazırlanmasını gözləyir və o Həzrətin (ə) zühuruna xidmət etmək istəyənlər bu kadrların, yəni özlərinin hazırlanmasına yardım göstərməlidirlər. Çünki hər bir insan müəyyən mövzuda kadr olma qüvvəsinə sahibdir.
Ehtiyac duyulan digər məsələ isə, böyük sayda kütlələrin o Həzrətin zühurunu həqiqi mənada istəməsidədir. Yəni insanlar, o Həzrətə ehtiyaclı olduqlarını anlamalı və bunu bildirməlidirlər. Çünki tarix bizə göstərir ki, müəyyən qədər kadra sahib olan imamlar, xalqın avam olmasına görə zərbə alıb və hədəfə çata bilməyiblər. Odur ki, zühura şərait yaratmaq istəyənlərin üçüncü vəzifəsi, özlərində və ətraflarında İmama (ə) olan ehtiyac hissini yaratmaq, Onun zühurunu qəlbən istəmək və insanların əqli baxımdan buluğa çatmasına çalışmaqdır.
Nəticə:
-Qeyb dövründə olan əsas vəzifəmiz, yəni İmamın (ə) bizim boynumuzda olan haqqı qeyb pərdəsini yararaq, Onu (ə) azad etməkdir.
-Bunun üçün isə ilk öncə, Onun qeybdə saxlayan səbəbləri tapmalıyıq.
-Onun qeybə çəkilməsinə səbəblər bunlardır: Müdafiə edən kadrların olmaması, ədaləti icra edəcək kadrların olmaması, ümmətin düşüncəsinin aşağı olması.
-Deməli vəzifələrimiz də bu maneələri aradan aparmaqdır. Yəni: Müdafiə edən kadrların yetişdirilməsi (fikrimcə bu artıq mövcuddur), ədaləti icra edəcək kadrların yetişdirilməsi, ümmətin düşüncəsinin inkişafı.
Allahın rəhmətinə şamil olmaq istəyiriksə bilək ki, Adəm (ə)-ın dövründən gəlmişik, qeybət dövründəyik, Onu (ə) geri qaytarıb, səadətə çatmalıyıq!