“Rusiya-Türkiyə münasibətlərinin Azərbaycana da təsiri var”

Rəsmi Ankara Rusiya ilə münasibətləri əvvəlki günlərinə qaytarmaq üçün 9 addımdan ibarət yol xəritəsi müəyyən edib. İki ölkə xalqlarının qarşılıqlı münasibətini keçmiş səviyyəsinə qaytarmaq üçün media və QHT-lərlə ünsiyyət prosesi yaradılacaq. Altı aylıq prosesin ilk üç ayında Ankara Rusiyadakı bütün tədbirlərə, toplantılara əlaqədar nazirliklərin yüksək çinli rəsmiləri tərəfindən təmsil olunacaq. 1 sentyabra qədər iqtisadi, siyasi, mədəni və sosial sahədəki zərərlərin müəyyənləşdirilməsi tamamlanacaq. Bəs görəsən iki ölkə arasında münasibətlərin yenidən əvvəlki səviyyədə qurulması üçün bu addımlar kifayət edəcəkmi?
FaktXeber.com məsələ ilə əlaqədar Ədalət Partiyasının sədri İlyas İsmayılovdan münasibət öyrənib.
Politoloq ilk öncə bildirdi ki, həyatda daimi heç nə yoxdur: “İndi təəssüf ki, münasibətlər gərgindir, amma gələcəkdə yaxşılaşmağa doğru getməlidir. Bunu hər iki dövlətin rəhbərliyi başa düşüb. Sadəcə, Rusiya rəhbəri belə bir fikir yaradıb ki, sınmaz adamdır, Ərdoğandan da istəyi budur ki, üzr istəsin, Türkiyə prezidenti də yəqin belə addım atmaz. Amma yəqin həyat məcbur edəcək ki, iki ölkə arasında münasibətlər yaxşılaşsın.”
İlyas bəy iki dövlət arasında münasibətlərin istiləşməsinin Azərbaycan üçün də uyğun olduğunu bildirdi: “Türkiyə ilə qardaş dövlətik, Rusiya ilə də bir yerdə yaşamışıq, dövlət rəhbərlərinin yaxşı münasibətləri var. İstərdim ki, münasibətlər yaxşılaşsın və bu Azərbaycan üçün çox faydalı olar.”
Xatırladaq ki, Türkiyənin hava sərhədini pozan Rusiya qırıcısının Türkiyə təyyarələri tərəfindən vurulmasından sonrası pozulan Türkiyə – Rusiya münasibətlərinin normallaşdırmaq üçün atılacaq addımlar aydınlaşıb. Rusiya-Türkiyə münasibətlərindəki bahar havası perspektiv üçün ümid yaradıb. Rəsmi Ankara münasibətləri əvvəlki günlərinə qaytarmaq üçün 9 addımdan ibarət yol xəritəsi müəyyən edib. Qarşılıqlı addımlarla iş görməyi planlaşdıran Türkiyə vasitəçi ölkə istəmir. Beləliklə, proses daha da sürətlə gedəcək. Yekun hədəf 15 dekabra qədər əvvəlki münasibətləri qaytarmaqdır.