Həbs olunan İŞİD “əmiri” azərbaycanlıların adını çəkdi

Türkiyənin Qaziantep şəhərində yaxalanıb, həbs edilən İŞİD-in İT mütəxəssisi “Əbu Musa” kod adlı Ersen Çelik təşkilatın 2 maket casus təyyarəsi aldığını və bunlarla hücum edəcəyini söyləyib. Çelikin ifadəsinə görə, İŞİD-in Türkiyədə aksiya keçirmək üçün Membiç şəhərində güclü təlim keçən 25 nəfərlik dəstəsi var, Türkiyəyə gedəcək bombalı maşınlar isə qarajda saxlanılır. Bundan başqa, Hələbdə hidrogen və kimyəvi bombalar hazırlanır.
FaktXəbər-in Terkiyə mediasına istinadən verdiyi məlumata görə, o, terror təşkilatının əlindəki kimyəvi silah və raketləri Kilis sərhədinə gətirilərək, anbarda saxlanıldığını deyib.
Eskişehirdə 2014-ci ildə qardaşı 29 yaşlı Ersen Çelik tərəfindən ailəsindən xəbərsiz olaraq Suriyaya aparılan 13 yaşlı E.Ç, qayıdanda ötən ilin avqust ayında atası tərəfindən polisə aparılıb. Ersen Çelikin də Türkiyəyə qayıtması barədə məlumat alan polis hərəkətə keçib. Aparılan tədqiqatda Ersen Çlikin 2012-ci ildə Suriyada Əl-Nusra terror təşkilatına qoşulduğu, sonra İŞİD tərəfə keçdiyi müəyyənləşdirilib. Çelikin 2014-ci ildə casus təyyarə almaq üçün Türkiyəyə gəldiyini müəyyənləşdirən polis, bu adamın Eskişehirdə 13 yaşlı qardaşını götürüb İstanbula getdiyini, 2 model vertolyot aldıqdan sonra, qardaşı ilə birlikdə Suriyaya keçdiyini və 2015-ci ilin avqust ayında Türkiyəyə döndüyünü müəyyənləşdirib.
“PKK İLƏ VURUŞMAĞA GETDİM”
Haqqında axtarış qərarı çıxaran Ersen Çelik 6 avqust 2015-ci il günü Qaziantepdə yaxalanıb. 2012-ci ildə PKK ilə vuruşmaq üçün Reyhanlıya getdiyini bildirən Ersen Çelik ifadəsində bunları deyib: “Məni Hama və İdlib arasında olan Əl-Qaidə düşərgəsinə apardılar. Düşərgədə mənə agent kimi davrandılar. “Canlı bomba olub, özümü partladım” dedilər. Qəbul edəndə, lazım olmadığını söylədilər. 2 il Hələb, Hama, Rojavada PKK ilə döyüşdüm. 2013-cü ildə PKK və Əl-Qaidə arasında razılıq oldu. Müharibə olmadığı üçün Əl-Qaidədən ayrılıb Türkiyəyə qaçdım. 6 ay Adanada qaldıqdan sonra Hələbə bağlı Membiç şəhərinə gedib, İŞİD-ə qoşuldum”.
“MAKET TƏYYARƏ İLƏ HÜCUM EDƏCƏKLƏR”
İŞİD-in Hələb valisinin yanına aparıldığını bildirən Çelik, “Valiyə maket təyyarədən istifadə edərək, mina tapa biləcəyimi dedim. Hələb və Kobani bölgəsində maket təyyarədən istifadə edərək, mina axtarmağa başladım. Hələbdə casus təyyarə, hərəkətə həssas mina, kameralı silah sistemləri, gecə görmə cihazları ilə bağlı məlumatları bir yerdə toplamaq üçün texnologiya məcmuəsi yaradılıb. Məni rəhbər təyin etdilər. İnternet üzərindən İstanbuldan maket təyyarə alıb, Kobanidə çəkiliş aparmağa başladım. 8-9 ay Kobanidəki silahlı münaqişələrdə maket təyyarə ilə görüntü aldım”, – deyib. Türkiyənin Kobanidə PYD qüvvələrinə qapı açmasından sonra İŞİD-in canlı bomba hücumu etmək qərarı verdiyini söyləyən Çelik belə davam edib:
“Hələb əmri Əbu Yəhya Türkiyə və sərhəddəki hərbi fəallığı casus təyyarə ilə lentə almağım üçün tapşırıq verdi. Türkiyəyə hücum ediləcəyini bildiyim üçün iki casus təyyarəsini bilərəkdən yerə vurdum. Sərhəd xəttində Səudiyyə Ərəbistanından olan iki nəfərin istifadə etdiyi iki casus təyyarəsini təmir bəhanəsi ilə alaraq, kamera sistemlərini pozdum. Şübhələnib məni əmirlikdən çıxardılar. Yerimə ankaralı telefon təmiri ustası Bülenti gətirdilər. Məni edam etmək üçün böhtan atmağa başladılar. Türkiyəyə qaçdım. Maket casus təyyarələri sıradan çıxdıqdan sonra Bülent adlı şəxs Ankaradakı qohumlarına iki maket casus təyyarəsi sifariş edib. Bu təyyarələri Kilsə hücumda istifadə edəcəklər. Maket casus təyyarələrin biri təxminən 50, digəri 17 kilo partlayıcı daşımaq gücünə malikdir. Təyyarələri hissələrə bölüm Membiçə apardılar. Hələbdə bu təyyarələri model kimi istifadə edib, istehsal etməyi düşünürlər”.
“TÜRKİYƏYƏ GEDƏCƏK BOMBALI MAŞINLAR QARAJDA SAXLANILIR”
İŞİD-in Türkiyədə terror aksiyası həyata keçirmək üçün ondan 10 nəfərlik canlı bomba dəstəsi qurmasını istədiyini bildirən Çelik belə davam edib:
“Canlı bombaların 3-ü Hələb, digərləri Rakkadan gəldi. Hamısı xaricilər idi. Türkiyəyə keçsəydilər, onları tutduracaqdım. Türkiyə sərhədində İŞİD-in çoxlu sayda sərhəd qoşunları var. “Ceyşüll-Xilafə”yə bağlı ölüm dəstəsi hazır vəziyyətdədir. Türkiyədə aksiya keçirmək üçün Membiç şəhərində güclü təhsil alan 25 nəfərlik qrup da var. Membiç Universitetində rus və çeçen intihar dəstələri var. Bunlar tamamilə Türkiyədə aksiya keçirmək üçün hazırlanıb. Hələbə bağlı Rai qəsəbəsi, Rael kəndi, türkmən Berih kəndi, Bablimün, Membiç və Babda bombalı aksiyalar üçün avtomobillər və sapand kimi sursatlar hazırlanıb. Bunlar Türkiyə sərhədində Sura qəsəbəsi arxasındakı kəndlərdə, boş qarajlarda saxlanılır”.
“HƏLƏBDƏ HİDROGEN BOMBASI HAZIRLANIR”
İŞİD-in Əsəd hökumətindən qənimət götürdüyü uzaqmənzilli raketlərin Membiç şəhərində olduğunu bildirən Çelik, Rakka mərkəzindəki boş bir zavodda çeçen Ömər adlı şəxsin baza olaraq istifadə etdiyi yerdə hazırlanan kimyəvi maddələr olduğunu qeyd edib. Eyni yerin yaxınlığında bir fabrikdə kimyəvi xlor qazı olduğunu bildirən Çelik belə danışıb: “İŞİD-in əlində 71 təyyarə var və Tabka Hava Limanında fəal uçuşa üçün 3 döyüş təyyarəsi hazır saxlanılır. İraqda yerini bilmədiyim bir regionda 3 ədəd F-16 döyüş təyyarəsi var. Hələb elektrik stansiyasında güclü hidrogen bombası hazırlayırlar. Mühəndislər bu bombanın partlaması anında 60 kvadrat kilometrlik ərazidəki canlıların məhv olacağını dedilər. Türkiyə sərhədinə çox yaxın Rai bölgəsində azərbaycanlıların hazırladığı, adını bilmədiyim maye partlayıcı maddə var. Türkiyəyə avtomatlar, əl bombası, TNT və “Glikon” kimi partlayıcı maddə gətirildiyini bilirəm. Materiallar 10-20 kq-lıq çantalarla əksəriyyətlə Elbeylidən Türkiyəyə keçirilib.”
İşi məhkəməyə göndərilən Ersen Çelik barəsində 15 ilə qədər həbs cəzası çıxarılması barədə ittiham aktı hazırlanıb.(faktxeber.com)