
“Əgər İranla Rusiya arasında enerji sövdələşməsinə dair xəbərlər doğrudursa, bu, ABŞ hökuməti üçün ciddi problem yaradacaq”.bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki bildirib. Dövlət Departamentinin bu narahatlığı Rusiya və İranın energetika nazirlərinin ötən bazar günü Tehranda apardığı danışıqlarla bağlıdır.
İranın enerji naziri Həmid Çitçian bazar günü Tehranda Rusiyanın energetika naziri Aleksandr Novakla görüşüb. Tərəflər İranın elektrik xətlərinin və stansiyalarının modernləşdirilməsini müzakirə ediblər. Bu müzakirələr İranın elektroenergetika şəbəkəsini Azərbaycan vasitəsilə Rusiyanın elektroenergetika şəbəkəsinə birləşdirilməsi layihəsi çərçivəsində aparılər. Üç ölkənin elektrik enerjisi şəbəkəsinin birləşdirilməsindən sonra Rusiya Azərbaycan üzərindən İrana elektrik enerjisi ixrac edə biləcək.
Ceyns Psaki Vaşinqtonda jurnalistlərə bildirib ki, onun Rusiya ilə İran arasında energetika sövdələşməsinə dair məlumatı yoxdur. “Əgər bu məlumat doğrudursa, o zaman ciddi narahatlıq üçün əsas verəcək” – deyə Dövlət Departamentinin rəsmisi bildirib.
İranın öz elektrik şəbəkəsini Azərbaycan vasitəsilə Rusiyanın elektrik şəbəkəsinə birləşdirilməyə hazırlaşdığını bu ölkənin enerji nazirinin müavini Məhəmməd Behzad da açıqlayıb. İranın “Mehr” agentliyinin xəbərinə görə, M.Behzad bildirib ki, bu layihə ilə bağlı Azərbaycanla danışıqlar son mərhələdədir.
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov isə deyib ki, Azərbaycan öz enerji sistemini Rusiya və İranın enerji sistemləri ilə sinxronlaşdırmağa texniki baxımdan hazırdır. Onun sözlərinə görə, üç ölkənin enerji sistemlərinin sinxronlaşdırılması Rusiya və İranın birgə təşəbbüsü olub.
Nazir müavini qeyd edib ki, Azərbaycan tranzit ölkə kimi elektrik enerjisinin ötürülməsi əməliyyatlarından dividentlər əldə edəcək: “Azərbaycan Rusiya, eləcə də İranla sərhəddə texniki baxımdan buna artıq çoxdan hazırdır. Bizdə elektrikötürücü xətlər və yarımstansiyalar da hazırlanıb”.
Azərbaycan və Rusiyanın enerji sistemləri “Dərbənd” (330 kilovolt) və “Yalama” (110 kilovolt) elektrikötürücü xətlər (EÖX) vasitəsilə artıq birləşdirilib.
Öz növbəsində Azərbaycanla İran arasında elektrik enerjisi axını 230 kilovoltluq “Parsabad I” xətti, 330 kilovoltluq “Parsabad II” xətti, 110 kilovoltluq “Astara”, hər biri 132 kilovoltluq “Culfa” və “Araz” EÖX-ləri vasitəsilə həyata keçirilir.
Üç ölkənin enerji sistemlərinin sinxronlaşdırılması layihəsinin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında qarşılıqlı elektrik enerjisi mübadiləsini icra etməyə, həmçinin bu layihəyə regionun digər ölkələrini cəlb etməyə imkan verəcək.
Ancaq göründüyü kimi, bu üçtərəfli enerji əməkdaşlığı ABŞ-ın xoşuna gəlmir və Vaşinqton enerji sahəsində Tehrana qarşı tətbiq edilmiş sanksiyaların təsirinin zəifləyəcəyindən narahatdır./Virtualaz.org/