Deputatlar niyə sərhəd bölgələrinə getmir?

Son vaxtlar cəbhə bölgəsində baş verənlər dövlətin yüksək rütbəli məmurların həmin bölgələrə səfər etməsi və vəziyyətlə tanış olması zərurəti yaradır. Ancaq sərhəd bölgələrindən seçilən deputatların əksəriyyəti nədənsə həmin bölgələrə səfər etmir.
Yalnız Tovuz rayonunun deputatı Qənirə Paşayevanın ilk gündən sözügedən rayona getməsi, şəhid ailələrinə baş çəkərək onların dərdinə şərik olması, Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında yaralılarla görüşərək onlara dəstək nümayiş etdirməsi cəmiyyətdə bəyənildi və günlərlə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi.
Maraqlıdır, digər deputatlar sərhəd bölgələrinə niyə getmir?
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə belə bir addımı atmayacağını dedi: “Mən sərhəd bölgələrinə getməyi düşünmürəm. Çünki orada müxalifətə birmənalı yanaşılmır. Necə bir situasiya ilə qarşılaşacağımı bilmirəm”.
Deputat Fazil Mustafa sərhəd bölgələrinə getməyi Müdafiə Nazirliyinin təşkil etməli olduğunu söylədi: “Bunu Müdafiə Nazirliyi özü təşkil etməlidir ki, insanlar rahatlıqla hərbi hissələrə gedə bilsinlər. Azərbaycan reallıqlarını bilirsiniz. Getdiyin yerdən mütləq zəng edib yuxarıdan icazə alırlar ki, bu deputatı buraxaq, ya yox. Ora qapalı müəssisələrdir. Millət vəkillərinin döyüş bölgələrində olan əsgərlərlə əlaqə yaratması üçün koordinasiyalı bir iş qurulsa, daha yaxşı olardı. Heç bir razılıq olmadan birbaşa hansısa hərbi hissəyə getmək, əsgərlərlə görüşmək imkanı məhduddur.
Bu baxımdan bu məsələdə tam aktivlik göstərmək mümkün olmur. Amma bütün hallarda indiki şərtlərdə döyüş gedir. Burada xüsusi funksional fəaliyyət göstərən insanların olması daha önəmlidir. Dəstək formaları başqa cür də verilə bilər. Şəhid ailələrinə baş çəkməyin də koordinasiyası qurulmalı idi. Məsələn, Türkiyədə şəhid tabutlarını Ankaraya gətirirlər və bütün siyasətçilər, dövlət adamları orada iştirak edir. Daha sonra tabutları məmləkətinə yola salırlar.
Ancaq bizdə bu adət yoxdur. Bizdə də bu adətləri doğru tənzimləsələr, hamı iştirak edə bilər. Çünki əgər 10 yerdə şəhid dəfn edilirsə, bizim 10 yerə getməyimiz mümkünsüzdür. Bunu törən olaraq təşkil etsələr, iqtidar da, müxalifət də iştirak edər və ən yaxşı ənənənin əsası qoyula bilər. Hər şey sistemli və doğru şəkildə tərtib edilməlidir ki, həm hərbi hissələrə baş çəkmək mümkün olsun, həm də şəhid ailələrinə. İndiyə kimi biz hərbi hissələrə Müdafiə Nazirliyinin təşəbbüsü ilə baş çəkirdik. Çünki tapşırmayanda hərbi komandir bizi nə qarşılayır, nə də içəri daxil olub vəziyyətlə tanış olmağımıza icazə verir. Bunlar olduqca problemli məsələlərdir. Ola bilər ki, kiminsə ayrıca buraxılışı olsun. Ancaq bizim belə bir imkanımız yoxdur”.
Deputat Fəzail Ağamalı da Müdafiə Nazirliyinin icazəsi və göstərişi olmadan sərhəd bölgələrinə getməyin mümkünsüz olduğunu bildirdi.
Qeyd edək ki, bu yaxınlarda elə “Yeni Müsavat”a açıqlama verən dequtat Bəxtiyar Sadıqov cəbhə bölgələrinə getməyə vaxtının olmadığını bildirmişdi: “Hərbiçilərin öz vəzifəsi var, deputatın öz vəzifəsi. Mənim isə eyni zamanda gündəlik “Azərbaycan” qəzetini buraxmaqla bağlı üzərimə düşən funksiya var. Mən işimi necə planlaşdırıram, nə vaxt haraya gedirəm, harada oluram, bu, mənim öz iş qrafikimdir. Başqaları bunu necə qiymətləndirir, hansı qərəzli prizmadan yanaşır, bu da onların problemidir”.
Digər deputatların da fikrini almaq istədik. Ancaq onlardan bəzilərinə zəng çatmadı, bəziləri isə telefona cavab vermədi.
“Yeni Müsavat”