ArxivIslamXəbər lentiXəbərlər

Pandemiya dövründə oruc tutmaq lazımdırmı?

Hicri təqvimlə artıq Ramazan ayı başlayıb və əksər müsəlmanlar artıq oruc tuturlar.
İslam dininin qaydalarına görə xəstə, səhhəti imkan verməyən insanlar oruc tutmamalıdırlar.
Maraqlıdır koronavirus pandemiyası dövründə insanlar oruc tutmalıdırmı? Uzun zaman ac qalmaq immun sistemini zəiflədib virusa yoluxma riskini artırırmı?
Həkim məsləhəti: “İmmunitetin zəifləməməsi üçün…”
Tibb eləmləri doktoru, professor Adil Qeybulla Toplum TV-yə deyir ki, oruc tutmaq insanın sağlamlığından asılıdır: “Bütün sağlam insanlar oruc tuta bilər. Amma səfərdə olan, xəstəliyi olan, sağlamlığı imkan verməyənlər oruc tutmaya bilərlər. Koronavirusa görə insanlar fikirləşir ki, oruc immun sisteminin zəiflədir və sair. Əslində bu belə deyil, sadəcə, oruc tutmaq üçün sağlam olmaq lazımdır”.
Adil Qeybulla həmçinin koronavirusa görə karantinə yerləşdirilənlərin ocur tutmamalarını tövsiyə edir.
Həkimin sözlərinə görə, oruc tutan şəxslər immunitetin zəifləməməsi üçün qidalanmalarına da diqqət etməlidirlər. O hesab edir ki, qida rasionu pozulmazsa, problem də yaranmaz: “Oruc tutanların qidalanması müəyyən bir qanunauyğunluğa əsaslanır. Amma çoxu iftar zamanı həddən artıq yeyir. Bu qəti məqsədəuyğun deyil. Bu mədə üçün əlavə yükdür və sonra da qidalanma rejimini pozur. Ümumiyyətlə oruc tutan adamlar çalışmalıdırlar ki, bir neçə dəfə az-az miqdarda yemək yesinlər ki, mədə böyüməsin. Çünki mədə bir nemə saatlıq aclıqdan sonra yük altında olanda, yəni həddindən artıq qida qəbul edəndə anormal bir vəziyyət yaranır. Bu da çox ziyanlıdır. Əgər insanlar düzgün qidalansalar problem yaranmaz”.
Həkim orucluq vaxtı daha çox vitaminli qidalar qəbul etməyi, çox yağlı,orqanizmə yük ola bilən qidalardan çəkinməyi məsləhət görür.
İlahiyyatçı: “İbadətin yaratdığı xoş ovqat immuniteti gücləndirir”
İlahiyyatçı alim Nəriman Qasımoğlu ibadətin yaratdığı xoş ovqatın immunitetin güclənməsinə təkan verdiyini bildirir: “Oruc tutmağın mənəvi tərəfdən verdiyi güc immun sisteminə də təkan verir. Deyirlər ki, immun sisteminin güclənməsi üçün əhval yüksək saxlanmalıdır. Əslində ibadətin təlqin etdiyi də budur. İbadət bayram ovqatı yaradır. Digər tərəfdən mənəvi qidadan əlavə olaraq oruc tutan insanlar həkimlərin məsləhətlərini də nəzərə almalıdırlar”.
Nəriman Qasımoğlu həkimdən fərqli olaraq düşünür ki, karantində olanların sağlamlığı imkan verirsə oruc tuta bilərlər: “Karantində olanların sağlamlığı yaxşıdırsa, sadəcə karantində vaxtının bitməsini gözləyirsə, həkim də onun vəziyyətinə baxıbsa, özünü yaxşı hiss edirsə, oruc tuta bilər”.
İlahiyyatçı bir məqama da toxunur. O, bu günlərdə koronavirusa yoluxmaq üçün əksəriyyətin özünü qoruduğunu,  sosial məsafə saxladığını deyir.
N.Qasımoğlu isə deyir: “Oruc tutmaq, ibadət etmək kütləvi şəkildə olmur”.
Həkimlərin sözlərinə görə, Ramazan ayında bol meyvə və tərəvəz, D vitamini ilə zəngin qidalara üstünlük vermək lazımdır. Çünki statistikaya görə, bədəni D vitamini ilə zəngin insanlar 27 faiz daha az xəstəliklərə yoluxurlar. Buna görə də oruc tutan şəxslər daha çox vitamin D, vitamin C və sinklə zəngin qidalara üstünlük verməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button