Azərbaycan İslam Partiyası İmam Hüseynin Ərbəin günü münasibətilə bütün dünya müsəlmanlarına başsağlığı verdi. Müraciətdə deyilir:
“İslam təqvimi ilə bu gün şəhidlər sərvəri, Əhli-Beytin(ə) üçüncü İmamı İmam Hüseyn ibn Əlinin(ə) və Kərbəla şəhidlərinin şəhadətinin qırxıncı günüdür. Bu günün əzəli Peyğəmbərin(s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari tərəfindən ilk dəfə Kərbəla şəhidlərini ziyarət etməklə qoyulmuşdur. Bu gün İslam tarixində Aşura günündən sonra ən əlamətdar və həm də böyük izdihamla, dünyanın hər yerində, xüsusən də İmam Hüseyn(ə)-ın şücaətinin və şəhadətinin baş verdiyi Kərbəla şəhərində xatırlanan, qeyd olunan gündür.
İslam tarixi öyrənildikcə, təbliğ olunduqca, İmam Hüseyn(ə) haqqında hədis və alimlərin tədqiqləri davam etdikcə məlum olur ki, İmamın(ə) gördüyü iş və əməlləri heç də Peyğəmbərlərin iş və əməllərindən fərqlənmir. Allah-təala əyər İslam dinini bəşəriyyətin xilası üçün göbdərmişdisə, Öz seçilmiş bəndəsi olan İmam Hüseyni(ə) bu dinin məhv edilməkdən xilası üçün göndərdi. Kərbəla vaqeəsinin mahiyyəti məhz İslam dininin yenidən dirçəlişi və qiyamətə qədər yaşamasını özündə ehtiva edir.
İslam tarixinin bu əvəzsiz dəyərinə görədir ki, Kərbəla müsibəti dinimizin qələbəsi, İmam Hüseynin sonsuz qəhrəmanlığı, əbədiyaşardır. Hər il çağırışsız, dəvətsiz, məcburiyyətsiz, könüllü, böyük şövq və məhəbbətlə, İmam Hüseynə(ə) dərin və sonsuz sevgi ilə şəhidlər sərvərini on milyonlarla insan Ərbəin günü ziyarət edir, çətinliklərdə olan müsəlman qövmünə bu müqəddəs məkanda Allahdan kömək diləyirlər.
Azərbaycan İslam Partiyası olaraq İmam Hüseynin(ə) və onun əhli-beytinin(ə) Kərbəla çölündə şəhid olmasının 40-cı günü, Ərbəin günü münasibətilə öncə zamanın İmamı İmam Zaman(ə.f) başda olmaqla bütün dünya müsəlmanlarına, Xüsusən Ərbəin yürüşündə iştirak edən milyonlarla insana dərin hüznlə başsağlığı veririk. Allah-təaladan Əhli-beyt aşiqlərinə İmam Hüseyn ziyarətini qismət etməyi, Onun şəhadət məktəbindən bəhrələnməyi diləyirik.”