ZƏNGƏZURDA QARŞIDURMA – Paşinyan Sünikə helikopter ilə getdi, Gorus meri həbs edildi + VİDEO (Yenilənib)

“Belə alındı ki, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycan və Ermənistanın sovet sərhədlərindən keçir. Hazırda orada bizim sərhəd qoşunları dislokasiya olunub. Yolun təhlükəsizliyini və fəaliyyətini Rusiya sərhədçiləri də təmin edəcək”,-o deyib.
Paşinyan bildirib ki, bütün bunlar sonrakı eskalasiyanın, münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün edilir. O, prosesin gedişində “bəzi insidentlərin” qeydə alına biləcəyini deyib və əhalini təşvişə düşməməyə çağırıb.
Xatırladaq ki, Ermənistan müxalifəti Sünik istiqamətində Azərbaycan ərazilərinin hesabına hansısa “təhlükəsizlik zolağı” saxlamaq üçün sakinləri etiraza qaldırıb.
***
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Sünik vilayətinin Goris şəhərinə helikopter ilə getməyə məcbur olub.
Bu barədə məlumat yerli KİV yayıb.
Qeyd edək ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.
***
Zəngilan, Qubadlı və Laçın istiqamətində Azərbaycanın Ermənistanla sərhədlərinin demarkasiyası prosesi Zəngəzurda (indiki Sünik), həmsərhəd ərazilərdə yaşayan ermənilərin baş nazir Nikol Paşinyana qarşı sərt etirazları, qarşıdurmalarla müşaiyət olunur.
Belə ki, dövlət sərhədlərinin bərpasını Zəngəzurun həmsərhəd kəndləri üçün təhlükə hesab edən erməni müxalifəti əhalini Paşinyana qarşı qaldırıb. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri hesabına hansısa “təhlükəsizlik zolağı” saxlamağa çalışırlar, lakin Ermənistan hakimiyyəti 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklər əsasında sərhədlərin sovet dövrü xəritələri əsasında demarkasiyasını həyata keçirməyə məcburdur.
Virtualaz.org-ın məlumatına görə, Baş nazir Nikol Paşinyan dekabrın 19-da bildirmişdi ki, Ermənistan sovet dövrü sərhədlərinə çəkilməsə həmin istiqamətdə hərbi əməliyyatların başlanması qaçılmaz ola bilərdi.
Qeyd edək ki, bu gün Paşinyan məsələni əhaliyə izah etmək üçün Sünik vilayətinə səfər edib. Səfərdən əvvəl o, Facebook-dan yayımladığı müraciətində “Ermənistan ərazilərinin bir millimetrinin də güzəştə gedilməyəcəyini” deyib.
Lakin Paşinyanın işğal edilmiş Azərbaycan ərazilərindən çəkilmək qərarını “satqınlıq” hesab edən sakinlər onun vilayətə gəlişinin qarşısını almaq üçün küçələrə çıxıblar, yolları kəsiblər.
Səhər saatlarında Gorus meri Aruş Aruşanyan Paşinyanı Sünikə buraxmamaq üçün sakinləri küçələrə çıxmağa və yolları kəsməyə çağırıb.
“Bazar ertsəi səhər tezdən, Yerevan vaxtı ilə saat 06.00 radələrində avtomobil kalonu Gorusdan Sünik qapılarına tərəf hərəkət edəcək ki, erməni torpaqlarını verən və bu regionun əlçatmazlığını pozan adamın vilayətə girişini dayandırsın”,-Aruşanyan gecə saatlarında yazıb.
Bundan bir neçə saat sonra Ermənistan xüsusi xidmət orqanları meri saxlayıb. Onun barəsində bir neçə maddə ilə cinayət işinin qaldırıldığı bildirilir. Az əvvəl yayılan xəbərlərə əsasən Sünik vilayətində sakinlərin etirazları davam edirdi və onları yolları bağlayaraq Paşinyanı vilayətə buraxmaq istəmirdilər.
Qeyd edək ki, sərhədlərin demarkasiyası nəticəsində Ermənistanın işğal illərində çəkdiyi və Sünikin bir neçə kəndini birləşdirən yolun bəzi hissələri Azərbaycanın nəzarətinə keçir. Məlumata görə bu yolda təhlükəsizliyi Azərbaycan, Rusiya və Ermənistan sərhədçiləri təmin edəcək.